Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
Görkəmli ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov oktyabrın 16-da ömrünün 57-ci ilində vəfat etmişdir.
Məmməd Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olmuşdur. 1976-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini bitirmiş, 1976-1977-ci illərdə Şəki şəhərindəki orta məktəbdə müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və “Bakı” qəzetində müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ərəb dili kurslarında müəllim işləmişdir. 1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə AMEA Əsaslı Kitabxanasında baş redaktor işləmiş, elə həmin ildən AMEA Əlyazmalar İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışmışdır. 2003-cü ildə həmin institutun direktoru vəzifəsinə seçilmişdir.
1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Tanınmış alim, xeyirxah rəhbər və səmimi insan Məmməd Musa oğlu Adilovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin! |