
"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU
Tariximizdən
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):
-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;
-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;
-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;
-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.
-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.
- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.
Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir. |
Saytın arxivi
*
|
26.04.2016
ALİMİMİZİN ƏLCƏZAİRDƏ BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞI
16-22 aprel 2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov Əlcəzairdə “Əlcəzairdə, ərəb və islam dünyasında ərəb əlyazma irsi: həqiqət və gələcək” mövzusunda keçirilən Beynəlxalq Elmi konfransda “Əlyazmaların mühafizəsi, tədqiqi və nəşri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrinin qorunması, tədqiqi və nəşri, eləcə də ərəb əlyazmaları haqqında müfəssəl məlumat verilmişdir.
26.04.2016
ƏLYAZMAŞÜNAS ALİM BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ ETMİŞDIR
9-14 aprel 2016–cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar Institutunun “Ərəbdilli Əlyazmaların tədqiqi şöbəsi”nin müdiri fil.ü.e.d. Kamandar Şərifov 2016-cı ildə Küveytin İslam mədəniyyəti mərkəzi elan edilməsi münasibəti ilə Küveytdə keçirilən Beynəlxalq Elmi konfransda “Səfəvi miniatür məktəbi və Nizami əsərlərinə çəkilmiş miniatürlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan Səfəvi miniatur məktəbinin islam incəsənətinin inkişafındakı rolu nəzərə çatdırılmış və bu məktəbin məşhur rəssamlarının Nizami Gəncəvi əsərlərinə çəkdikləri miniatürlər nümayiş etdirilərək, şərhləri verilmişdir.
26.04.2016
MİRZƏ AĞADADAŞ MÜNİRİNİN “BAHAR AĞLAYIŞI” KİTABI ÇAP OLUNMUŞDUR
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi və Bakı ədəbi mühitində yazıb-yaradan, öz dövründə şair, rəssam və müəllim kimi tanınan Mirzə Ağadadaş Münirinin şeirləri İnstitutda B-1791 şifrəli qovluqda 22,5x14,5, 21x8, 21x13, 35x11 sm. ölçülü vərəqlərdə saxlanılmşdır. Onun əlyazması çap şeirləri ilə birlikdə nəşrə hazırlanmışdır. Kitabda şairin əsərləri: “Qəzəllər”, “Müxtəlif şeirlər”, “Qəmli sətirlər” və “Mənzum məktublar” bölümlərində verilmişdir.
20.04.2016
FARSDİLLİ ORTA ƏSRLƏR MƏNBƏYİ AZƏRBAYCAN TARİXİ VƏ ƏDƏBİYYATI HAQQINDA
 Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov bu günlərdə XVII əsr müəllifi Abdulla Kabulinin elmi dövriyyədən kənarda qalmış “Təzkirət ət-təvarix” əsərinin Tehran çap nüsxəsini əldə etmişdir. Çoxsaylı mənbələr əsasında yazılmış bu əsər Orta Əsrlər üzrə tədqiqat aparan tarixçilər və ədəbiyyatşünaslar üçün maraq doğura biləcək dəyərli məlumatlarla zəngin olan bir mənbədir.
19.04.2016
SALMAN MÜMTAZIN NAMƏLUM ƏSƏRİ AŞKAR EDİLMİŞDİR
Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmış əsərlərindən biri “100 şair” kitabı aşkar edilmişdir. Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki materialları araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar etmış, həmin əlyazma sənədlərinin uzun illərdir itib-batmış “100 şair” kitabının parçalanmış hissələri olduğunu aydınlaşdırmışdır.
18.04.2016
ƏMƏKDAŞIMIZ ƏFQANISTANDA KEÇİRİLƏN BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Almaz Ülvi ilə birlikdə böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibəti ilə Əfqanıstan İslam Respublikasında keçirilən beynəlxalq simpoziumda və müxtəlif tədbirlərdə iştirak etmişdir.
14.04.2016
ƏMƏKDAŞIMIZ BEYNƏLXALQ SİMPOZİUMDA ÇIXIŞ ETMİŞDIR

7-9 aprel 2016-cı il tarixində AMEA-nın Əlyazmalar İnstitutunun “Kitabxana və elmi informasiya” şöbəsinin elmi işçisi İradə Vəzirova Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi, Türkiyə Başbakanlıq Dövlət Arxivləri Baş İdarəsi və Türkiyə Başbakanlıq Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Araşdırma Mərkəzinin dəvəti ilə İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Simpoziumda iştirak etmişdir. Simpoziumda elmi işçi İradə Vəzirova “Abbasqulu ağa Bakıxanovun Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi arxivi” adlı məruzə ilə çıxış etmişdir. O, məruzəsində A.Bakıxanovun həyatı, elmi yaradıcılığı, hərbi-diplomatik fəaliyyəti, Rusiy-İran və Rusiya-Türkiyə müharibələrindəki tərcüməçilik işi və adıçəkilən dövlətlər tərəfindən xidmətlərinə görə mükafatlandırılması barədə geniş məlumat vermişdir.
08.04.2016
ƏLYAZMALAR İSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR

8 aprel 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisasından “SABAH” qruplarının II kurs tələbələri və bir qrup müəllimi üçün “Qasım bəy Zakir və müasirləri” mövzusunda mühazirə oxumuşdur.
07.04.2016
NADİR ŞAH ƏFŞARIN ŞƏXSİ MÜNŞİSİ MİRZƏ MEHDİ XAN ASTRABADİNİN “İNŞA” ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR
“Elm və təhsil” nəşriyyatında XVIII əsr Azərbaycan tarixçisi, Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çapdan çıxmışdır. Bu kitaba bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədlər daxil edilmişdir. “İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və İranın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır.
Redaktor fil.ü.e.d. Paşa Kərimovdur. Rəyçilər akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur. Kitabı AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda Atatürk Mərkəzi birlikdə nəşr etdirmişlər.
05.04.2016
MƏHƏMMƏD HÜSEYN İBN MƏHƏMMƏD ƏLİ GƏNCƏVİNİN ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR
“Elm” nəşriyyatında Məhəmməd Hüseyn ibn Məhəmməd Əli Gəncəvinin “Mirzə Məhəmməd Hüseyn Təbib Həkimbaşının sınayıb təcrübədən keçirdikləri” əsəri çapdan çıxmışdır. Əsər orta əsrlər və yeni dövrün ilk məsələlərində Azərbaycanda təbabət, xüsusilə həkimşünaslığa dair qiymətli mənbədir. Fars dilindən tərcümə edən bu müqəddimənin müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi İradə Qayıbovadır. Redaktor: institutun elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitab AMEA Gəncə Bölməsinin yardımı ilə nəşr edilmişdir.
<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 ) Növbəti>> |
ELANLAR
▼
ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ
▼
ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA xəbərlər-yeniliklər ▼
AVTOREFERATLAR ▼
Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az
* |